Türkiyənin və dünyanın ən məşhur e-ticarət platformalarından biri olan Trendyol, 26 noyabr 2024-cü ildə Bakıda keçiriləcək Turan E-ticarət E-ixracat forumunun baş sponsoru kimi çıxış edəcək. Forum, Azərbaycan Françayzinq Assosiasiyası və Founder Club-un təşkilatçılığı ilə baş tutacaq və “Made in Turan” brendi ilə rəsmi tərəfdaşlıq çərçivəsində keçiriləcək.

Trendyol-un bu tədbirə baş sponsorluq etməsi, onun regionda e-ticarət və ixracat sektorunun inkişafına verdiyi dəstəyin bariz nümunəsidir. Forumun əsas məqsədi, Türk Dünyasında e-ticarət və ixracat sahələrinin inkişafı, yeni bazarlara çıxış və rəqəmsal transformasiya mövzularında fikir mübadiləsi aparmaqdır.

Trendyol-un iştirakı sayəsində forumda qlobal e-ticarət təcrübələri ilə yerli bazarın xüsusiyyətləri arasında daha güclü bir əlaqə qurulacaq. Bu addım, e-ticarət sahəsində fəaliyyət göstərən sahibkarlara beynəlxalq təcrübələrdən faydalanmaq və öz bizneslərini qlobal səviyyədə inkişaf etdirmək imkanı yaradacaq.

Forum çərçivəsində, Trendyol nümayəndələri rəqəmsal ticarət, logistika, marketplace sistemləri və digər innovativ həllər haqqında təqdimatlar edəcək, həmçinin Azərbaycan və digər Türk dövlətləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Bu, regionda e-ticarət və e-ixracatın inkişafına mühüm töhfə vermək üçün vacib bir platforma olacaq.

“Turan E-ticarət E-ixracat” forumunun yüksək səviyyəli tədbir olacağı və beynəlxalq e-ticarət mühitində yeni əməkdaşlıq və inkişaf imkanları yaradacağı gözlənilir.